2023-cü il Dünya Hökuməti Sammitinin (World Government Summit 2023/WGS 2023) təşkilatçıları Prezident İlham Əliyevin 13-15 fevral tarixlərində Dubayda (BƏƏ) keçiriləcək bu tədbirdə iştirak edəcəyini gözləyir.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, BƏƏ Nazirlər Kabinetinin işlər naziri və WGS-nin rəhbəri Məhəmməd bin Abdullah əl-Gerqavi bildirib ki, sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Misir Prezidenti Əbdülfəttah əl-Sisi, Seneqal Prezidenti və Afrika İttifaqının rəhbəri Macki Sall, Paraqvay Prezidenti Mario Abdo Benites başda olmaqla, 20 dövlət başçısının iştirakı gözlənilir.
Dünya Hökuməti Sammiti “Gələcəyin Hökumətlərini Formalaşdırmaq” şüarı altında keçiriləcək. Sammitdə dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, hökumət və şirkətlərin nümayəndələri iştirak edəcəklər.
Sammitin proqramına dünyanın hər yerindən 300-dən çox məruzəçinin gündəliyə daxil olan müxtəlif məsələlərlə bağlı baxışlarını bölüşəcəyi, gələcək üçün ideya və strategiyaları müzakirə edəcəyi 220-dən çox sessiya daxildir.*
R.Kərimov