Türkiyədə baş vermiş zəlzələdə 4 nəfər Azərbaycan vətəndaşı həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
“Bu günə qədər 4 nəfər Azərbaycan Respublikası vətəndaşının vəfatı barədə məlumat mövcuddur. Vəfat edən şəxslərdən birinin cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək, digər 3 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür”, - deyə məlumatda bildirilib.
Bundan başqa, Türkiyədən 395 nəfər Azərbaycana təxliyə edilib. Bunlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir.
“Fevralın 8-də 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb. Zəlzələ baş verən gündən etibarən indiyə qədər ümumilikdə 9 avtobusla 395 nəfər Azərbaycana yola salınıb. Onlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, vətəndaşlarımızın təxliyəsi davam etdirilir və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.*
X.Nəsirzadə