Azərbaycan çadırlar və qızıdırıcılardan ibarət növbəti humanitar yardımı Türkiyəyə yola salıb. Bu barədə cümə günü Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilir.
“İnterfaks-Azərbaycan”a nazirlikdən bildirilib ki, yardım avtomobil karvanı və təyyarə ilə göndərilib.
Məlumata görə, FHN-in 16 ədəd nəqliyyat vasitəsilə zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 830 ədəd çadır və 279 ədəd qızdırıcı yola salınıb. Təyyarə ilə yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 200 ədəd çadır və 183 ədəd qızdırıcı daxildir. Humanitar yardımı aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.
Xəbər verildiyi kimi, bazar ertəsi səhər saatlarında Türkiyədə güclü zəlzələ baş verib. Nəticədə, 17 mindən çox şəxs həlak olub. Zəlzələnin fəsadlarının aradan qaldırılmasına Azərbaycan FHN-nin 725 əməkdaşı və 34 həkim cəlb olunub. **
R.Kərimov