Sumqayıt Kimya Sənaye Parkının rezidenti (SKSP) “AK PACK” MMC-nin yumşaq polimer qablaşdırma məhsullarının istehsalı müəssisəsi 2023-cü ilin birinci yarısında fəaliyyətə başlamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Zavodda son tamamlama işləri görülür. Belə ki, hazırda müəssisədə avadanlıqların sınaq-sazlama işlərinə başlanılıb, yaxın günlərdə isə xammal və hazır məsul anbarının tikintisinə start veriləcək. Müəssisənin 2023-cü ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır”, - nazirlikdən qeyd ediblər.
İnvestisiya dəyəri 7 milyon manatdan çox olan müəssisədə 35 nəfər daimi işlə təmin ediləcək.
“İtaliya və Türkiyə texnologiyalarının tətbiq olunacağı müəssisədə 2 istehsal xətti üzrə 20 çeşiddən çox məhsul istehsal ediləcək. İstehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Orta Asiya, Yaxın Şərq və Avropa ölkələrinə ixracı da nəzərdə tutulur”, - məlumatda qeyd olunur.
“AK PACK” MMC-yə 2022-ci ilin mayında Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Hazırda 31 biznes subyekti SKSP-nin rezidenti statusuna malikdir.**
X.Nəsirzadə