Azərbaycan Laçın-Xankəndi yolu (Laçın yolu) ilə hərəkətə məhdudiyyətlər tətbiq etməyib, rəqəmlər trafikin artdığını sübut edir. Bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsiRövşən Sadıqbəyli bəyan edib.
“Azərbaycan Laçın yolu ilə hərəkətə heç bir məhdudiyyət tətbiq etməyib”, - Sadıqbəyli cümə axşamı ATƏT-in Daimi Şurasnın iclasında bildirib.
O məlumat verib ki, ekoloji aksiyanın başladığı 12 dekabr 2022-ci il tarixindən etibarən Laçın yolu ilə təxminən 1795 nəqliyyat vasitəsi keçib. Onlardan 1572 nəqliyyat vasitəsi – Azərbaycanın Qarabağ bölgəsində terləşdirilmiş Rusiya sülhməramlı kontingentinin avtomobili, 220-dən çox nəqliyyat vasitəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobilidir.
Azərbaycanın daimi nümayəndəsi qeyd edib ki, 2023-cü il yanvarın 29-dan fevralın 5-dək bu yol ilə 442-yə yaxın avtomobil, əsasən Xankəndiyə ərzaq və dərman preparatları daşıyan ağır yük maşınları keçib. Bu marşrut ilə orta hesabla gündə 63 keçib, baxmayaraq ki, bir həftə əvvəl 54 avtomobil keçib.
«Bu deməkdir ki, trafik artır, azalmır», - Sadıqbəyli diqqət çəkib.
Xəbər verildiyi kimi, 2022-ci il dekabrın 12-dən etibarən Azərbaycanın ekofəalları və QHT nümayəndələri Qarabağ iqtisadi rayonunda Laçın-Xankəndi yolunda (Laçın yolu) regionda faydalı qazıntı yataqlarının, xüsusilə, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına qarşı dinc aksiya keçirirlər. **
R.Kərimov