"Təəssüf ki, Ermənistan bu məqsədlə indi BMT-nin insan hüquqları mexanizmlərindən, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarın Ofisindən, müqavilə qurumları və mandat daşıyıcılarından sui-istifadə edir və onları saxta təbliğatına məruz qoyur”, - Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Vahan Hunanyanın BMT-nin İnsan Hüquqları Şurasının xüsusi mandat daşıyıcılarının Azərbaycanla bağlı məktubuna istinad edərək guya Azərbaycanın qeyd edilən müraciətə etinadsız yanaşdığını, Silahlı Qüvvələrimiz tərəfindən törədildiyi iddia olunan hərbi cinayət hallarına aydınlıq gətirilmədiyi barədə açıqlamasını şərh edərkən bildirib.
Hacızadə qeyd edib ki, Ermənistan XİN-in bu bəyanatı onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər və kütləvi qırğınlar törədən bir ölkənin riyakarlığının növbəti nümunəsidir.
Hacızadənin sözlərinə görə, Ermənistan tərəfi BMT-nin mandat daşıyıcılarının Azərbaycana növbəti sorğusundan təhrif olunmuş şəkildə sui-istifadə edir, Azərbaycana və azərbaycanlılara qarşı Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərini ört-basdır etmək və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır.
“Qeyd edək ki, Azərbaycan öz beynəlxalq öhdəliklərinə daim ciddi yanaşıb, bu çərçivədə tərəf olduğu beynəlxalq konvensiyalar və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə sadiqdir. Ermənistandan fərqli olaraq Azərbaycan hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüququn tələblərinin pozulmasına dair bəzi iddiaları araşdırır və bu barədə beynəlxalq öhdəlikləri çərçivəsində aidiyyəti üzrə sorğuları cavablandırır”, - Azərbaycan XİN-in nümayəndəsi vurğulayıb.
“Qeyd edilənlər nəzərə alınaraq, Ermənistanın əsassız iddialar yayaraq beynəlxalq ictimaiyyəti yanıltmaq və öz məsuliyyətini gizlətmək cəhdlərini qətiyyətlə qınayırıq. Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməyi və çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edir, bu istiqamətdə BMT-nin aidiyyəti qurumlarını müvafiq tədbirlər görməyə çağırırıq", - Hacızadə vurğulayıb. **
V. Əliyev