Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfər çərçivəsində ölkəmizin Qoşulmama Hərəkatının sədrliyi qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransında iştirak edib.
XİN-dən məlumat verilib ki, konfransda çıxış edən nazir Bayramov, Fələstin məsələsinin beynəlxalq hüquq normalarına, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnamə və müvafiq qətnamələrinə uyğun olaraq öz həllini tapmasının vacib olduğunu bildirilib. Bu xüsusda, məsələnin həlli istiqamətində beynəlxalq konsensusun əldə olunması üçün birgə diplomatik səylərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Nazir, Azərbaycanın Fələstin-İsrail münaqişəsinin iki dövlət modeli əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirib. 3 din üçün müqəddəs yerlərin yerləşdiyi Qüdsün qorunmasının gələcəkdə burada əhalinin sülh şəraitində birgə yaşayışına töhfə verəcəyinə dair inam ifadə olunub.
Bayramov, həmçinin Konfrans iştirakçılarını post-pandemiya dövründə qlobal bərpa mövzusunun müzakirəsi üçün mühüm fürsət kimi növbəti ay Bakıda keçiriləcək QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə ən yüksək səviyyədə iştiraka dəvət edib.
Daha sonra konfrans iştirakçıları tərəfindən gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparılıb. **
V.Əliyev