Azərbaycan 2023-cü ilin yanvar ayında qaz ixracını 12% - 2,2 milyard kubmetrə qədər artırıb. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, energetika naziri Pərviz Şahbazov bu barədə “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, 2023-cü ilin yanvar ayında Avropaya 1 milyard kubmetr Azərbaycan qazı (2022-ci ilin yanvar ayına nisbətən 25% çox) ixrac olunub ki, bu da bütün ixracın 45%-ni təşkil edir.
Türkiyəyə 0.9 milyard kubmetr (bütün ixracın 41%-i), Gürcüstana isə 0.3 milyard kubmetr qaz (bütün ixracın 14%-i) ixrac olunub. Hesabat dövründə TANAP Türkiyəni 0.5 milyard kubmetr qazla təchiz edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan qaz ixracını 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə qaz ixracı 24,5 milyard kubmetr həcmində nəzərdə tutulub, bunun 12 milyard kubmetrə qədəri Avropanın payına düşəcək.*
N.Abbasova