Prezident İlham Əliyev fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib.
Tədbirdə çıxış edən dövlət başçısı stansiyanın 2025-ci ildə açılacağına əminliyini ifadə edib.
“Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir”, - deyə prezident vurğulayıb.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2022-ci il oktyabrın 25-də “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud avadanlıqlarına əlavə müasir texnologiyalar tətbiq edilərək, 600 MVt gücündə olan 7-ci və 8-ci enerji bloklarının gücünün daha 1280 MVt artırılması ilə əlaqədar rasional modernləşmənin həyata keçirilməsi planlaşdırılır.
“Azərbaycan" İES hər birinin gücü 300 meqavat olan səkkiz enerji blokundan ibarətdir. Azərbaycanda istehsal edilən elektrik enerjisinin 45%-ə qədəri bu stansiyanın payına düşür. Stansiyanın birinci enerji bloku 1981-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə istismara verilib.*
N.Abbasova