Mingəçevirdə 1280 MVT gücündə yeni İstilik Elektrik Stansiyasının tikintisi $400 milyona başa gələcək. Bunu Prezident İlham Əliyev deyib.
“Onu da bildirməliyəm ki, mənə verilən məlumata görə, stansiyanın ümumi dəyəri təqribən $400 milyona qədər olacaq və elektroenergetika sahəsini yaxından bilən insanlar bilirlər ki, təxminən 1300 meqavat gücündə olan stansiya neçəyə başa gələ bilər”, - deyə o, fevralın 13-də İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.
Dövlət başçısı qeyd edib ki, bu stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır.
İ.Əliyev vurğulayıb ki, ödəniləcək vəsaitin 60%-i “Azərenerji” ASC-nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40% isə kreditlər vasitəsilə təmin ediləcək.
“Yeni tikiləcək elektrik stansiyasının müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaq”, - deyə prezident vurğulayıb.
Yeni elektrik stansiyasının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.*
N.Abbasova