İtaliya bu il ərzində Rusiya qazını almaqdan tamamilə imtina edə və o cümlədən Azərbaycandan tədarük sayəsində gələcəkdə qaz mərkəzinə çevrilə biləcək. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bunu İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso deyib.
“Biz bu il ərzində Rusiya qazını almaqdan imtina edəcəyik, gələcəkdə isə TAP qaz kəmərinin buraxılış gücünün iki dəfə artması (2027-ci ilədək 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər – İF) hesabına başqa ölkələri qazla təchiz edə biləcəyik və qaz mərkəzinə çevriləcəyik”, - deyə o, bu gün “Messaggero” qəzetinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, yaya qədər işə salınacaq Piombino və Ravennadakı iki reqazifikasiya kompleksi ildə 10 milyard kubmetr qaz istehsal edəcək. “Keçən il Rusiyadan elə bu həcmdə qaz idxal etmişdik”, - deyə A.Urso qeyd edib.
O xatırladıb ki, 2021-ci ildə İtaliyanın qaz istehlakında Rusiyanın payı 40% təşkil edib, bu il isə bu həcm 16%-dək azalıb.*
R.Kərimov