Berlində Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 9-cu iclası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
İclasa Azərbaycan tərəfdən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Almaniya tərəfindən isə Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin ticarət üzrə direktoru Dominik Şnixels həmsədrlik edib.
“Tədbirdə Azərbaycan və Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, ölkəmizdə yaradılan sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında Almaniya şirkətlərinin iştirakı imkanları, alternativ enerji, nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, təcrübə mübadiləsininin genişləndirilməsi barədə müzakirə aparılıb”, - deyə məlumatda bildirilib.
İclasda işğaldan azad olunmuş Azərbaycan ərazilərində biznes imkanları da diqqətə çatdırılıb, Almaniya şirkətləri infrastruktur və investisiya layihələrində iştiraka dəvət olunub.*
B.Rüstəmbəyov