2021-2022-ci illərdə Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Bunu Prezident İlham Əliyev deyib.
“Biz azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdıq və artıq 10-dan çox yarımstansiya, 10-dan çox su elektrik stansiyası inşa edilib. Artıq biz iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaratdıq və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Yəni, biz ancaq azad edilmiş torpaqlarda cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaratmış olacağıq. Bütün stansiyalar ümumi şəbəkəyə qoşulub”, - deyə dövlət başçısı fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaratmağa imkan verəcək və bu sahə prioritet olaraq qalır.
Prezidentin sözlərinə görə, son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilib və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir.
“Müqayisə üçün deyə bilərəm ki, hazırda bizim ümumi generasiya gücümüz 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılıb. İndi təsəvvür edin, əgər biz bunu etməsəydik, əgər bu məsələni prioritet seçməsəydik, bu gün bizim iqtisadi və sənaye inkişafı sual altında ola bilərdi. Bu gün biz öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Yəni, bütün işlər vaxtında aparıldı, ardıcıllıqla aparıldı. Bugünkü mərasim və 2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya bizim enerji potensialımızı daha da gücləndirəcək. Çünki buna həm Azərbaycanda, həm də Avropada ehtiyac var”, - deyə İ.Əliyev əlavə edib.*
B.Rüstəmbəyov