Prezident İlham Əliyev fevralın 13-də İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısının saytında verilən məlumata görə, İ.Əliyev görüşdə bildirib ki, İtaliya-Azərbaycan əlaqələri strateji məna daşıyır və rəsmi Bakı bu strateji tərəfdaşlıq çərçivələrini daha da genişləndirməyə çalışır.
O qeyd edib ki, ikitərəfli siyasi əlaqələr çox yüksək səviyyədədir. Hər iki ölkə liderlərinin rəsmi səfərləri, habelə yanvarın 11-dən bu günə qədər İtaliya hökumətinin üç nazirinin Azərbaycana gəlməsi bunun göstəricisidir.
“Yanvarın 11-dən bu günə qədər İtaliya hökumətinin üç nazirinin Azərbaycana gəlməsi çox önəmli və deyə bilərəm ki, fövqəladə bir hadisədir. Bu səfərlər zamanı biz həm hərbi, hərbi-texniki, energetika və bütövlükdə investisiya, ticarət sahələrində əməkdaşlığı müzakirə etmişik və edəcəyik”, - deyə İ.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, neft-qaz və hazırda elektroenergetika layihələri ikitərəfli münasibətləri gücləndirir. Eyni zamanda, Bakı Roma ilə ticarət əlaqələrinin daha da şaxəli olmasını istəyir. Eyni zamanda, İtaliya şirkətləri bu gün azad olunmuş torpaqlarda həyata keçirilən layihələrdə fəal iştirak edir.
Prezident əlavə edib ki, Bakı Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa işlərində həm inşaat, həm xidmət, həm sərmayə sahələrində, həm də kontraktor kimi daha çox İtaliya şirkətinin iştirak etməsini istəyir. Artıq İtaliyanın “IVECO” şirkəti orada öz müəssisəsini yaratmağa start verib. Orada yük maşınlarının istehsalı nəzərdə tutulur.
“Görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinin vacibliyi qeyd edilib, bu komissiyanın iclasının tezliklə keçirilməsinin qarşıya qoyulmuş vəzifələrin icrası baxımından önəmi vurğulanıb. Söhbət zamanı Azərbaycanla İtaliya arasında enerji sahəsi ilə yanaşı, bərpaolunan enerji, kənd təsərrüfatı texnikası, əczaçılıq sənayesi, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunub.
Müzakirə edilən məsələlərin icrası üçün aidiyyəti nazirliklər səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə tapşırıqlar verilib.*
X.Nəsirzadə