2022-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən aparılmış yoxlamalarla ümumilikdə 225 milyon 710,4 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunub.
“İnterfaks-Azərbaycan” agentliyi nazirliyin məlumatına istinadən bildirir ki, 2022-ci ildə 185 təşkilatda (nəzarət obyektləri) yoxlamalar aparılıb.
Həmin məbləğin 35 milyon 142,2 min manatlıq hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilib.
Prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 110 təşkilatda aparılmış yoxlamalarla aşkar olunmuş 220 milyon 564,9 min manat məbləğində artıq və əsassız ödənişlərin 33 milyon 330,1 min manatının təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Həmçinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən iş planlarına əsasən 2022-ci ildə 71 təşkilatda aparılmış yoxlamalarla aşkar olunan 5 milyon 81,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 1 milyon 747,7 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilib, həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunan 2 milyon 811,4 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.
Bunlardan əlavə, Xidmət tərəfindən vətəndaş müraciətinə əsasən 4 təşkilatda müraciətdə göstərilənlər yoxlanılıb, cəmi 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub və yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
İnzibati xətalar törətdiklərinə görə 123 nəfər vəzifəli şəxsə 91,5 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
2021-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılmış yoxlamalar zamanı ümumilikdə 103,6 milyon manat məbləğində əsassız ödənişlərə yol verildiyi aşkar olunmuşdu.*
X.Nəsirzadə