Özbəkistan nəqliyyat nazirinin müavini Abdulsamat Muminov Azərbaycana səfəri çərçivəsində fevralın 13-də “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmovla görüşüb.
“Görüşdə iki ölkənin dəmir yolları sahəsində əməkdaşlıq imkanları, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, o cümlədən CASCA + multimodal nəqliyyat marşrutu çərçivəsində yeni əməkdaşlıq təklifləri nəzərdən keçirilib”, - deyə ADY-nin məlumatında bildirilir.
Tərəflər, həmçinin 2023-cü ildə birgə fəaliyyət planı, o cümlədən “Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan” marşrutu üzrə yükdaşımalar, daşımaların növü və müvafiq tarif siyasətini müzakirə ediblər.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Layihənin həyata keçirilməsinə 2013-cü ildə başlanılıb. Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya yüklərin daşınmasına sərf edilən vaxtı 3 dəfə azaltmağa imkan verən dəhlizin bir hissəsidir.*
N.Abbasova