Azərbaycan və Türkiyə ikiqat vergitutmanın aradan qaldırılması haqqında yeni sazişin imzalanması məqsədilə müzakirələrə başlayıb.
Müzakirələrin birinci mərhələsi Ankarada keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.
Müzakirələrdə Dövlət Vergi Xidmətinin ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi, Türkiyə tərəfindən isə Gəlir İdarəsi Başqanlığının məsul şəxsləri iştirak ediblər.
“Müzakirələr zamanı Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəis müavini Ceyhun İsmayılov Türkiyə ilə yeni saziş üzrə danışıqlara başlanılmasının hər iki ölkə üçün böyük önəm kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, yeni saziş imzalanacağı təqdirdə, sərmayəçilər üçün əlverişli şərait yaranacaq, məlumat mübadiləsi və vergi borclarının yığılmasında effektiv qarşılıqlı münasibətlər formalaşacaq”, - DVX-dən qeyd edilib.
Üç gün davam edən müzakirələrin nəticəsi olaraq, saziş layihəsinin vergitutmaya aid bütün müddəaları üzrə razılıq əldə edilib.
Müzakirələr zamanı tərəflər açıq qalan məsələlərlə bağlı qısa vaxt ərzində razılığın əldə olunması üçün səylərin gücləndirilməsi barədə ortaq fikrə gəliblər.
1994-cü ilin fevral ayında Azərbaycan ilə Türkiyə arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş imzalanıb. Bu saziş 1 yanvar 1998-ci ildə qüvvəyə minib. **
B.Rüstəmbəyov