2022-ci ildə “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti $103,58 təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“Bu, 2021-ci ilin göstəricisindən 44,6% çoxdur”, - deyə məlumatda qeyd olunub.
Xəbər verildiyi kimi, 2022-ci ilin I rübündə “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti $102,68, I yarımillikdə $109,95, 9 ayın yekunları üzrə $107,22 təşkil edib.
2022-ci ildə dövlət büdcəsi gəlirlərinin hesablanması üçün bir barel neftin orta qiyməti $70-dən, ÜDM-in hesablanması üçün $85-dən götürülüb.
2021-ci ildə “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti $71,6 (2020-ci ildə $43,7) təşkil edib.
Azərbaycan neftinin bir barelinin ən ucuz qiyməti 2020-ci il aprelin 21-də $15,81 səviyyəsində, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda $149,66 səviyyəsində qeydə alınıb.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 25% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölüşdürülür.
Azərbaycanda hasil edilən neftin 2/3 hissəsi AÇG-nin payına düşür.*
N.Abbasova