“OurCrowd” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) fəaliyyəti dövründə ilk dəfə texnoloji startap layihəsinə $1 milyon investisiya yatırıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“İnvestisiya yatırılmış İsrailin LARGIX startapı sənaye məhsullarının hazırlanması üzrə ixtisaslaşır”, - deyə nazir “Twitter”də yazıb.
İsrailin “OurCrowd” şirkəti 2013-cü ilin fevral ayında yaradılıb. Qiymətli kağızlar üzrə dünyanın ən böyük kütləvi maliyyələşdirmə platformalarından olan şirkət süni intellekt, texnologiya, nəqliyyat, enerji, səhiyyə, təhlükəsizlik və digər sahələrdə fəaliyyət göstərən startap şirkətlərinə investisiya qoyuluşu üzrə ixtisaslaşıb. Şirkət investorlara və təşkilatlara inkişaf etməkdə olan texnologiya şirkətlərinə sərmayə qoymağa imkan yaradan onlayn qlobal vençur investisiya platformasıdır.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 milyon manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir. 2022-ci ilin sonuna AİŞ-in investisiya portfeli 240,3 milyon manat məbləğində qiymətləndirilir.*
B.Rüstəmbəyov