Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 15-də erməni həmkarı Ararat Mirzoyanla ikitərəfli münasibətlərin normallaşması ilə bağlı addımları müzakirə edib.
“Biz ikitərəfli görüş keçirdik (Ermənistan XİN başçısı Ararat Mirzoyanla – İF), münasibətlərin normallaşmasına gətirib çıxaracaq addımları müzakirə etdik”, - deyə o, Ankarada Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Türkiyəli nazir qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşmasında irəliləyişə ümid edir. Çavuşoğlunun sözlərinə görə, əgər Ermənistan, Türkiyə və Azərbaycan səmimi addımlar atarsa, Cənubi Qafqazda uzunmüddətli sülh qurula bilər.*