Azərbaycanın Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi təlim zamanı şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Bu barədə cümə axşamı Müdafiə Nazirliyindən məlumat verilib.
“Ssenariyə uyğun olaraq təyin olunmuş marşrut üzrə hərəkət edən komandolar təxribat törətməyə cəhd edən şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər. Komandolar əməliyyat rayonunun dərinliyinə sızmaqla düşmənin müvəqqəti sığınacaqlarını müəyyən ediblər. Mühasirəyə alınan şərti düşmənin təxribatının qarşısının alınması üzrə fəaliyyətlər uğurla icra edilib”, - nazirliyin məlumatında deyilir.
2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilən taktiki-xüsusi təlimdə əsas məqsəd şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi, atıcı silahlardan istifadə bacarıqlarının artırılması, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
Komando – 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda islahatlar çərçivəsində yaradılan xüsusi bölmələrdir. **
R.Kərimov