Azərbaycan prezidenti İlham Əliyev Litva Respublikasının milli bayramı münasibətilə bu ölkənin prezidenti Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilir.
Əliyev öz məktubunda iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin inkişafı üçün imkanları qeyd edib. “Azərbaycan ilə Litva arasında münasibətlər xoş ənənələrə malikdir və biz bu münasibətlərin inkişafına xüsusi əhəmiyyət veririk. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında müxtəlif sahələr üzrə münasibətlərin genişlənməsi, əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkanlar formalaşmışdır”, - Əliyev vurğulayıb.
“İnanıram ki, Azərbaycan-Litva münasibətləri və qarşılıqlı faydalı əməkdaşlığımız həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Litva xalqına daim əmin-amanlıq və rifah arzulayıram”, - Azərbaycan liderinin məktubunda qeyd olunur. **
B.Rüstəmbəyov