2025-ci ildə Ağdam şəhərinə ilk sakinlər qayıdacaqlar, lakin 2027-ci ilədək şəhərdə təxminən 10 min mənzil inşa olunacaq. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov məlumat verib.
“2022-2026-cı illərdə (Qarabağ və Şərqi Zəngəzurda - İF) 34,5 min mənzilin tikilməsi planlaşdırılır. Ağdam rayonunda 9,7 min mənzilin tikilməsi planlaşdırılıb. 2025-ci ildə Ağdam şəhərinə və ilk bərpa olunan kəndlərə əhalinin köçürülməsi nəzərdə tutulub”, – Hümmətov cümə axşamı jurnalistlərə deyib.
Öz növbəsində, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov qeyd edib ki, Ağdamda 24 min nəfərdən çox sakinin yaşayacağı 5 min mənzillik beş yaşayış məhəlləsi inşa ediləcək.
O, cümə axşamı Şəhərsalma məsələləri üzrə İşçi qrupunun Ağdamda keçirilən iclasında bəyan edib ki, ilk iki yaşayış məhəlləsində 2 min 400 mənzil inşa olunacaq, burada 10 min nəfərdən çox sakin yaşayacaq.
Ağdam şəhərinin birinci yaşayış məhəlləsində 1139 mənzilin tikintisi və 4977 nəfərin köçürülməsi planlaşdırılır. İkinci yaşayış məhəlləsində 1261 mənzil tikiləcək və 5510 nəfər köçürüləcək”, - Həmidov deyib.
O əlavə edib ki, üçüncü yaşayış məhəlləsində 1 min 239 mənzil inşa ediləcək və 5 min 327 adam köçürüləcək. Dördüncü yaşayış məhəlləsində isə 892 mənzil inşa ediləcək və 3 min 835 nəfər sakin köçürüləcək. Beşinci yaşayış məhəlləsində 1 min 34 mənzil inşa ediləcək və 4 min 446 nəfər sakinin ixtiyarına veriləcək.
“AzərTAC” agentliyi Həmidovun sözlərindən sitat gətirir. O bildirib ki, 2026-cı ilin sonunadək Ağdam şəhəri və ətraf kəndlərə 42 min insan köçürüləcək. **
R.Kərimov