Azərbaycanda ilk dəfə inşa ediləcək sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodun tikintisinə investisiyalar 14 milyon manat təşkil edəcək. Bu barədə "AzerBlast" MMC-nin (“AzerGold” QSC-nin törəmə şirkəti) icraçı direktoru Rizvan Baxşıyev bəyan edib.
Xəbər verildiyi kimi, 2023-cü ilin fevral ayında Gəncə şəhərində ölkəmizdə ilk dəfə olaraq sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodun inşasına başlanılıb. Zavodun cari il istismara verilməsi planlaşdırılır.
“Sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodun tikintisinə investisiyaların ümumi həcmi 14 milyon manat həcmində qiymətləndirilir. Bu məbləğdən inşaat işlərinə 5.5 milyon manat, avadanlıqların alınması və quraşdırılmasına - 4 milyon manat təşkil edəcək, qalanı isə əməliyyat xərclərinin payına düşür”, - Baxşıyev cümə axşşamı brifinqdə bildirib.
O əlavə edib ki, investisiyaların ümumi həcmində 4 milyon 336 min manat “AzerBalst”ın təsisçilərinin cəmiyyətin kapitalına qoyuluşları, qalanı isə kredit vəsaiti təşkil edəcək.
“Layihənin maliyyə modelində xalis cari dəyər (NPV) 2.6 milyon manat, daxili gəlirlilik dərəcəsi (IRR) isə 24.3% olaraq hesablanıb. Layihə üzrə fəaliyyətin ilk 6 ili üçün hesablanmış ümumi gəlir 90 milyon manat nəzərdə tutulub”, - Baxşıyev deyib.
Şirkətin rəhbəri vurğulayıb ki, zavodda ilkin mərhələdə carici tələbatla əlaqədar ayda 500 ton, ildə - 6 min ton partlayıcı maddənin istehsalı planlaşdırılır.
“2023-cü ildə qızıl və dəmir filizi mədənlərində süxurların partladılması üçün “AzerGold” QSC-nin mülki partlayıcı maddələrə tələbatı 1 445 ton, onun törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” MMC-nin isə tələbatı 1 735 ton təşkil edəcək. O cümlədən, mədənçilik və digər sənaye sahələrində fəaliyyət göstərən müəssisələrin tələbatları var ", - Baxşıyev qeyd edib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa işləri nəzərə alınmaqla, sənaye partlayıcı maddələrinə olan təlabat artır. “Araşdırmalara əsasən, təkcə 2024-cü ildə sözügedən regionlarda 10-15 min ton səviyyəsində illik tələbat proqnozlaşdırılır”, - “AzerBlast”ın rəhbəri bəyan edib.
Xəbər verildiyi kimi, ümumi sahəsi 5 min 665 kvadratmetr olan istehsal müəssisəsi regionların sosial-iqtisadi inkişafına dair dövlət siyasətinə uyğun olaraq Kəpəz rayonunda, 15 hektar ərazidə inşa edilir. Müəssisənin illik istehsal gücü 31 000 ton həcmində qiymətləndirilir.
Layihənin əsas məqsədi mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müsəsisələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda regionda yeni iş yerlərinin yaradılmasıdır.
Yeni zavodda, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri H-ANFO, ANFO-nun istehsalı planlaşdırılır.
“AzerBlast” MMC dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilərək, 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin ümumi paylarının 51%-i “AzerGold” QSC-yə, 49%-i “DM Servis” MMC-yə məxsusdur.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.**
N.Abbasova