Ermənistana Avropa İttifaqı (Aİ) missiyasının göndərilməsi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə maneə yarada bilər. Bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.
“Xarici qüvvələrin Aİ-nin müşahidə missiyası adı altında Ermənistana – Azərbaycanla sərhədə göndərilməsi və onlardan sui-istifadə edilməsi normallaşma prosesi üçün risk ola bilər və bundan çəkinmək lazımdır. Mən Avropa İttifaqının müşahidə missiyasının Ermənistanla sərhəddə yerləşdirilməsi ilə bağlı mövqeyimi Rusiyada keçirilən görüşlərdə (Dövlət Duması və Federasiya Şurasının sədrləri ilə - İF) də bəyan etmişəm”, - deyə o, bu gün parlamentin iclasında bildirib.
2023-cü il yanvarın 23-də Avropa İttifaqı Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) yaradılmasına dair qərar qəbul edib.
Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, yerlərdə etimadın möhkəmlənməsinə töhfə vermək və Aİ tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.
EUMA-nın ilkin mandatı iki il olacaq və onun Əməliyyat Qərargahı Ermənistanda yerləşəcək.*
R.Əhmədov