“BP-Azerbaijan” şirkəti 2023-cü ilin sonunadək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı “Azəri Mərkəzi Şərqi” (ACE) platformasında ilk hasilat quyusu qazmağı planlaşdırır.
“Bu ilin ortalarında ACE platformasının üst modulları dənizə göndəriləcək və onların quraşdırılmasına başlanılacaq. Daha sonra biz bu platformada ilk hasilat quyusunun qazılmasına başlayacağıq və qazma işləri cari ilin sonunadək başa çatmalıdır”, – deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bu gün mətbuat konfransında “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib.
O, həmçinin qeyd edib ki, ACE platformasından ilk neftin əldə olunması üçün şirkət üç hasilat quyusu qazmağı planlaşdırır.
“Üç quyudan hasil olunacaq neft 2024-cü ilin I rübündə ACE platformasından ilk məhsulun alınması üçün kifayət edəcək”, – deyə Q.Counz əlavə edib.
Hazırda AÇG Azərbaycanda neft hasilatının 2/3 hissəsini təmin edir. 2022-ci ildə AÇG blokunda 152 milyon barelə yaxın (20 milyon ton) neft hasil olunub.
“Azəri Mərkəzi Şərqi” layihəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsini təşkil edir. Layihə çərçivəsində 48 quyunun qazılması planlaşdırılır. Qazma işləri “TURAN Drilling Company” tərəfindən həyata keçiriləcək.
Layihənin məqsədi əlavə quyular qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.
19 aprel 2019-cu il tarixində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları “Azəri Mərkəzi Şərqi” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar. Layihənin dəyəri $6 milyard təşkil edir. Bunun təxminən $3,2 milyardını tikinti işləri xərcləri, qalanını isə yeni quyuların qazılması da daxil olmaqla işlənmə xərcləri təşkil edir.
Layihə suyun 137 metr dərinliyində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının tikintisini nəzərdə tutur.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb.
Blokda neft hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Layihə çərçivəsində BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “MOL” (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, “ONGC Videsh” (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.*
N.Abbasova