Türkiyədə baş vermiş zəlzələ nəticəsində 10 Azərbaycan vətəndaşının həlak olduğu müəyyən edilib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Aparılmış axtarış-xilasetmə tədbirləri nəticəsində bu günə qədər 10 Azərbaycan vətəndaşının zəlzələ nəticəsində həlak olduğu müəyyən edilib. Onlardan biri Türkiyədə dəfn olunub, 9 nəfərin cənazəsi isə bütün zəruri proseduralar yerinə yetirilməklə, Türkiyədə olan yaxınlarının müşayiəti ilə Azərbaycana yola salınıb”, - deyə məlumatda bildirilib.
Zəlzələ baş vermiş gündən etibarən 565 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub. Hazırda təxliyə prosesi davam edir.
““Qaynar xətt” nömrələrinə daxil olmuş minlərlə müraciət araşdırılıb, haqqında xəbər alına bilməyən Azərbaycan vətəndaşlarının siyahısı hazırlanaraq, onlar haqqında məlumat əldə etmək məqsədilə Türkiyənin aidiyyəti qurumları ilə birgə müvafiq iş aparılıb. Nəticədə bir çox Azərbaycan vətəndaşlarının olduğu yer müəyyən edilib və onlarla əlaqə saxlanılıb. Hazırda iki Azərbaycan vətəndaşı haqqında məlumat yoxdur, onların axtarışları davam etdirilir”, – deyə məlumatda qeyd olunub.*
X.Nəsirzadə