Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) $60 milyon məbləğində kredit ayırmağı planlaşdırır.
Bankdan verilən məlumata görə, aprelin 26-da AYİB-in Direktorlar Şurası tərəfindən kreditin ayrılması məsələsinə baxılacaq.
“Kredit vəsaiti ASCO tərəfindən yeni gəmilərin alınmasına yönəldiləcək. Bu layihə səhmdar cəmiyyətə Xəzər dənizindən kənarda - beynəlxalq sularda əməliyyatları genişləndirməyə, regional əlaqə və ticarət münasibətlərini inkişaf etdirməyə kömək edəcək”, - deyə məlumatda vurğulanır.
Daha əvvəl “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirmişdi ki, AYİB ASCO-nun gələcək layihələrinə $100 milyon və daha çox məbləğdə kredit vəsaiti ayırmağa hazırdır.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 187 layihənin maliyyələşdirilməsi üçün 3,6 milyard avroya yaxın kredit ayırıb. 2023-cü ilin əvvəlinə bankın Azərbaycandakı 35 layihə üzrə cari portfeli 843 milyon avro təşkil edir: portfelin 86%-i infrastrukturun, 10%-i sənaye və kənd təsərrüfatı, 4%-i isə maliyyə sektorunun payına düşür.
Xəbər verildiyi kimi, AYİB 2023-cü ildə Azərbaycandakı layihələrə $300 milyona yaxın kredit ayırmağı planlaşdırır.*
A.Əzizov