Azərbaycan Respublikasının vətəndaşlarına Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) giriş qadağaları qoyulduğu barədə xəbərlər həqiqətə uyğun deyil. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə deyib.
O bildirib ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu yayılan xəbərlərə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi, Dubay şəhərindəki Baş konsulluğu, eləcə də BƏƏ-nin Azərbaycan Respublikasındakı səfirliyinə müvafiq sorğu göndərib.
“Daxil olmuş məlumata əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına Birləşmiş Ərəb Əmirlikləri tərəfindən kütləvi şəkildə giriş vizasının rəsmiləşdirilməsində çətinliklər yaradıldığı, vətəndaşlarımıza giriş qadağaları qoyulduğu barədə xəbərlər həqiqəti əks etdirmir. Birləşmiş Ərəb Əmirlikləri tərəfi viza rəsmiləşdirilməsini ölkə qanunvericiliyinin tələblərinə əsasən davam etdirir”, - deyə A.Hacızadə qeyd edib.*
Xəbərlər şöbəsi