Prezident İlham Əliyev Ermənistanla sülh sazişi üzərində işin tezliklə yekunlaşacağına ümidvar olduğunu deyib.
“Biz hazırda Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işləyirik. Ümid edirik ki, tezliklə bu işi yekunlaşdıra biləcəyik. Mən hesab edirəm ki, bu, ciddi tarixi fikir ayrılıqları olan ölkələrin birgə toplaşmaq və düşmənçilik səhifəsini çevirmək üzrə yaxşı nümunə ola bilər”, - deyə dövlət başçısı fevralın 18-də Münxendə “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda bildirib.
O əlavə edib ki, Azərbaycan və Ermənistanın uzun sürən qarşılıqlı nifrət və düşmənçiliyə son qoyulmasına keçidi nümayiş etdirməsi zəruridir.
Prezident vurğulayıb ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə cəlb olunmuş bütün tərəflər başa düşür ki, regionda vəziyyətə ikivektorlu yanaşma zəruridir. “Amerikalı və Avropa İttifaqından olan tərəfdaşlarımızla ünsiyyət zamanı, habelə dövlət katibi Blinken tərəfindən baş nazir Paşinyan ilə təşkil edilmiş bugünkü üçtərəfli görüşdən mənə aydın oldu ki, biz hamımız regionda vəziyyətə ikivektorlu yanaşmanın zəruri olmasını başa düşürük. Bu, əvvələn Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları vektoru, ikincisi, Qarabağın erməni əhalisi ilə Azərbaycanın əlaqəsi vektorudur”, - deyə İ.Əliyev qeyd edib.
Dövlət başçısı əlavə edib ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. “Əlbəttə, bu səbəbdən mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşsınlar. Erməni əhalinin olduğu Azərbaycanın Qarabağ bölgəsi mövcuddur”, - deyə İ.Əliyev bildirib.*
R.Əhmədov