Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan hökuməti Qarabağın erməni icması ilə praktiki kommunikasiyaya başlamağa hazırdır, lakin bunun üçün Ruben Vardanyan Azərbaycan ərazisini tərk etməlidir.
“Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki kommunikasiyaya başlamağa hazırıq və bu gün dövlət katibi Blinkenin önündə də mən Ermənistan baş nazirinə bunu dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, Avropada çirkli pulların yuyulması ilə məşğul olan kriminal oliqarx Ruben Vardanyan bizim ərazimizi tərk etsin”, - deyə dövlət başçısı fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı bildirib.
İ.Əliyev əlavə edib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır.
“Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, linqvistik və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin edilib”, - deyə dövlət başçısı vurğulayıb.*
R.Əhmədov