“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Qana Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Vare ilə görüşüb.
“AzerGold”un beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu bildirən İbrahimov fəaliyyətin gələcəkdə ölkə hüdudlarından kənarda da genişləndirilməsinin QSC-nin strateji planlarına daxil olduğunu qeyd edib. Sədr mineral resurslarla zəngin olan Afrika qitəsinin də maraq dairəsində olduğuna diqqət çəkib”, - cəmiyyətin məlumatında deyilir.
Öz növbəsində, səfir dağ-mədən sənayesinin Qana iqtisadiyyatının lokomotivi olduğunu, ölkəsinin zəngin qızıl, almaz, dəmir filizi, manqan, xromit, neft-qaz, eləcə də hidroenerji resurslarına malik olduğunu bildirib.
Diplomat Qananın əsas ixrac məhsullarından olan qızıl resurslarının istismarı istiqamətində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb”, - məlumatda bildirilir.
Görüş zamanı dağ-mədən sənayesi üzrə müvafiq qurumlar, dövlət və özəl şirkətlərlə əməkdaşlıq perspektivlərinin tərəflər arasında dəyərləndirilməsinin mümkünlüyü qeyd edilib.
“Daha sonra leqal mədənçiliyinin təşviqi, ətraf mühitin mühafizəsi, sağlamlıq və əməyin təhlükəsizliyi, eləcə də digər qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb”, - “AzerGold”un məlumatında vurğulanır.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.**
N.Abbasova