2023-cü ilin yanvar ayında Azərbaycanda 456,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2022-ci ilin yanvar ayının göstəricisindən 3,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 433,1 milyon manat məbləğində heyvandarlıq, 23,1 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,4%, bitkiçilik məhsullarının istehsal həcmi 2% artıb.
Yanvarda respublikada 45,6 min ton ət (artım 2,8%), 160,7 min ton süd (artım 1%), 182,1 milyon ədəd yumurta (16%) istehsal edilib.
Hazırda ölkənin tarlalarında, bağlarında və üzüm bağlarında kultivasiya işləri davam etdirilir. Paralel olaraq yazlıq bitkilərin səpininə hazırlıq işləri aparılır. Payız taxıl sahələrində aqrotexniki tədbirlər davam etdirilir.
Dövlət Statistika Komitəsinin ilkin məlumatına görə, 2023-cü ilin məhsulu üçün 1 milyon 64,1 min hektarda payızlıq bitkilər, o cümlədən buğda - 664 min hektar (62,4%), arpa - 400 min hektar (37,6%), çovdar 0,1 min hektar səpilib.
Yanvarda respublika üzrə örtülü torpaq sahələrindən 20,5 min ton tərəvəz yığılıb.
2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3,4% artaraq 10 milyard 984,2 milyon manat təşkil edib.**
X.Nəsirzadə