2023-cü ilin yanvar ayında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 1 milyard 895,1 milyon kubmetr təşkil edib ki, bu da 2022-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 12,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvarda magistral qaz kəmərləri ilə nəql edilən qazın 45,4%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.
Bütövlükdə, 2023-cü ilin yanvar ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 4 milyard 177,9 milyon kubmetr qaz (artım 13,7%) nəql edilib.
Xəbər verildiyi kimi, 2022-ci ildə “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 20 milyard 803,7 milyon kubmetr təşkil edib ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 18,1% çoxdur.
Hazırda “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstan, Türkiyə və Avropaya ixrac olunur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (6,67%).
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.**
N.Abbasova