2022-ci ildə Azərbaycan 360,176 min ton mineral gübrə ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 10% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İxrac olunmuş mineral gübrələrin ümumi dəyəri $209 milyon 762,8 min (artım 73,7%) təşkil edib.
Bundan başqa, 2022-ci ildə Azərbaycana $85 milyon 620,4 min dəyərində (artım 94,2%) 103 min 315 ton mineral gübrə (azalma 20,5%) idxal edilib.
Azərbaycanda mineral gübrə istehsalı ilə SOCAR-ın Karbamid Zavodu məşğul olur.
Zavod 2019-cu il yanvarın 16-da istismara verilib və həmin ilin iyun ayında karbamid ixracına başlayıb. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik gəliri $160 milyon məbləğində proqnozlaşdırılır.
Zavodun tikintisinin ümumi dəyəri 780 milyon avro təşkil edib. Bu məbləğdən 500 milyon avro borc vəsaitin payına düşüb.**
B.Rüstəmbəyov