Fevraklın 24-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan nümayəndələri Azərbaycandan Avropaya “yaşıl” enerjinin ötürüləcəyi Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinin (Black Sea Energy) texniki-iqtisadi əsaslandırılmasını müzakirə edəcəklər. Bu barədə Rumıniyanın energetika nazirinin müavini George Nikulesku məlumat verib.
“Dörd ölkənin (Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan - İF) nümayəndələri Azərbaycandan Rumıniaya qədər uzanacaq 1000 MVt gücündə... kabelin texniki-iqtisadi əsaslandırılmasını müzakirə məqsədilə fevralın 24-də yenidən görüşəcəklər”, - Reuters agentliyi Nikuleskunun sözlərindən sitat gətirir.
Xəbər verildiyi kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” saziş imzalanıb. Saziş Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutur. Söhbət enerji ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xəttinin tikintisindən gedir. Kabel Azərbaycanda istehsal edilən elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılaraq, Macarıstana və Avropanın qalan hissəsinə nəql edilməsi üçün nəzərdə tutulacaq.
Hazırda layihə üzrə işlər 2023-cü ilin sentyabrında başa çatdırılması planlaşdırılan texniki-iqtisadi əsaslandırmanın hazırlanması mərhələsinə keçib. Xətt 3-4 il ərzində çəkiləcək.
Avropa Komissiyası dünyada ən uzun kabelin çəkilməsi üçün 2,3 milyard avro ayırmağı planlaşdırır. **
R.Kərimov