2023-cü ilin yanvar ayında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 0,4% - 20 milyard 259,2 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Yanvarın sonuna vaxtı keçmiş kreditlərin həcmi 583,8 milyon manat (hesabat dövründə azalma 1,7% - İF) və ya bütün kreditlərin 2,9%-ni (2022-ci ilin sonuna 2,9%) təşkil edir.
2023-cü il yanvarın 31-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 3 milyard 916,1 milyon manat (artım 1,7%) və ya bütün kreditlərin 19,3%-i, özəl banklar tərəfindən 15 milyard 753,5 milyon manat (artım 0,1%) və ya bütün kreditlərin 77,8%-i həcmində kredit verilib. Qalan 589,6 milyon manat (dəyişməyib) bank olmayan kredit təşkilatlarının payına düşür.
Yanvarın sonuna verilmiş kreditlərin ümumi həcmindən 16 milyard 247,7 milyon manat (artım 0,3%) milli valyuta, 4 milyard 11,5 milyon manat (artım 0,5%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 19,8% (2022-ci ilin sonuna 19,8%) təşkil edir.
Bankların və BOKT-ların kredit qoyuluşlarının strukturunda 3 milyard 247,4 milyon manat (bütün kreditlərin 16%-i) ticarət və xidmət sahələrinin, 635,89 milyon manat (3,1%) mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 617,09 milyon manat (3%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 111,15 milyon manat (5,5%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 75 milyon manat (5,3%) sənaye və istehsal sektorunun, 785,5 milyon manat (3,9%) nəqliyyat və rabitə sahələrinin, 11 milyard 407,06 milyon manat (56,3%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.
2023-cü ilin yanvar ayında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 1,2% artıb (2022-ci ildə artım 31% təşkil edib).**
X.Nəsirzadə