Şənbə günü İstanbulda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub, ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması müzakirə olunub.
“Söhbət əsnasında Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, ticarət, enerji, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və daha da dərinləşdirilməsi məsələləri müzakirə olundu. Həmçinin, Əliyev və Ərdoğan Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə də fikir mübadiləsi apardılar”, - Azərbaycan prezidentinin saytında qeyd olunur.
Görüşdə Əliyev Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Ərdoğana və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verdi, xəsarət alanların tezliklə şəfa tapmasını arzuladı.
Əliyev Azərbaycanın bu faciənin ilk günündən qardaş Türkiyənin yanında olduğunu qeyd etdi. “Dövlət başçısı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmizin humanitar yardımları bundan sonra da davam etdirəcəyini diqqətə çatdırdı. Əliyev Türkiyənin bu zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini ifadə etdi”, - məlumatda deyilir.
Öz növbəsində, Ərdoğan Türkiyəyə səfər etdiyinə, Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə dövlət başçısına dərin minnətdarlığını bildirdi. O cümlədən, “Türkiyənin və Azərbaycanın həmişə bir-birinin yanında olduğunu” vurğuladı.
“Ərdoğan Azərbaycanın göndərdiyi humanitar yardımları yüksək qiymətləndirdi və buna görə təşəkkür etdi. O, azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində öz fəaliyyətlərini böyük cəsarətlə və əzmlə davam etdirdiklərini, insanların xilası üçün fədakarlıqla çalışdıqlarını bildirdi”, - məlumarda vurğulanır.
Əliyev Ərdoğanı qarşıdan gələn ad günü münasibətilə təbrik etdi. **
V.Əliyev