Azərbaycan prezidenti İlham Əliyev bazar günü İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri qəbul edib.
Əliyev Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlığı yüksək qiymətləndirdi. Azərbaycanın həyata keçirdiyi layihələrə bankın verdiyi dəstəyə görə minnətdarlığını bildirən dövlət başçısı həm regional səviyyədə inkişaf prosesləri, həm də artıq ölkəmizdə icra olunmağa başlanan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” baxımından əməkdaşlığın gələcək formatının müəyyənləşdirilməsinin zəruriliyini vurğuladı.
Əl-Casir öz növbəsində həyata keçirilən birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini qeyd etdi, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirdi. O, həmçinin gələcəkdə ticarət və investisiya sahələrində əməkdaşlığın həyata keçirilməsinin mümkün olduğunu dedi.
Əliyev Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma layihələrinin bizim üçün ən prioritet sahələrdən biri olduğunu vurğuladı.
“Prezident Şərq-Qərb nəqliyyat dəhlizi, rəqəmsal transformasiya və bərpaolunan enerji sahələrinin də ölkəmizin iqtisadi inkişafında mühüm yer tutduğunu bildirdi və qeyd etdi ki, bütün bunlarla bağlı həyata keçirdiyimiz layihələrə xeyli sayda tərəfdaş və investor cəlb edilib və ediləcək”, - məlumatda deyilir. **
V.Əliyev