Bakı tezliklə Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində irəliləyiş gözləyir. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bunu Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov deyib.
“Biz inanmaq istərdik ki, sülh prosesi (Bakı və İrəvan arasında – İF) tezliklə bərpa olunacaq və yaxın günlərdə bununla bağlı bəzi irəliləyişlərin olacağını gözləyirik”, - deyə o, Hadson İnstitutunun baş elmi işçisi Maykl Doran tərəfindən təşkil olunmuş müzakirə zamanı bildirib.
Birinci vitse-prezidentin köməkçisi ümidvar olduğunu bildirib ki, “çox yaxında bizim bununla bağlı yaxşı xəbərlərimiz olacaq”.
Daha əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirmişdi ki, Bakı və İrəvana Avropa İttifaqının himayəsi altında Brüsseldə danışıqların aparılması ilə bağlı təkliflər göndərilib. Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Brüsseldə tərəflər arasında görüşün təşkili ilə bağlı təklifi var. Prays Brüssel görüşünün mümkün tarixini açıqlamayıb.*
R.Kərimov