Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 27-28-də Azərbaycana səfəri çərçivəsində Bakı və İrəvan arasında münasibətlərin normallaşması ilə bağlı məsələləri mzakirə edəcək.
“Lavrovun Prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir. Onun xarici işlər naziri Ceyhun Bayramovla danışıqları da nəzərdə tutulub. Danışıqlarda müttəfiqlik münasibətlərinin mütərəqqi inkişafı üçün qarşılıqlı meyllərə əsaslanan ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin hərtərəfli müzakirəsi, regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır”, - deyə Rusiya XİN-in məlumatında bildirilib.
Səfər çərçivəsində Lavrov “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” tematik konfransında da iştirak edəcək. Tədbir Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində keçiriləcək.
“Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir. Ölkələrimiz arasında münasibətlər çoxillik dostluq və mehriban qonşuluq ənənələri ruhunda dinamik şəkildə inkişaf edir... Hazırda iki ölkə arasında 150-dən çox beynəlxalq hüquqi akt bağlanıb. Ən yüksək səviyyədə müntəzəm dialoq aparılır. 2022-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi 3 milyard dolları ötüb (keçən ilin eyni dövrü ilə müqayisədə 16% artım)”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, Rusiyanın xarici siyasət prioritetlərindən biri 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlara uyğun olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etməkdir.
“Biz onların həyata keçirilməsini Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi, Bakı ilə İrəvan arasında etimadın və tam əməkdaşlığın bərpası üçün əsas şərt hesab edirik. Bakı və İrəvan arasında sülh müqaviləsinin hazırlanması münasibətlərin əsas prinsiplərinin möhkəmləndirilməsi, uzunmüddətli perspektivdə qarşılıqlı faydalı əməkdaşlığın əsaslarının qoyulması məqsədi daşıyır. Rusiya Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi naminə bu çətin, lakin son dərəcə vacib prosesə hər cür kömək edəcək”, - deyə məlumatda vurğulanıb.
XİN, həmçinin regionda nəqliyyat kommunikasiyalarının açılması istiqamətində Rusiya tərəfinin göstərdiyi səyləri və Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işinin davam etdirilməsinin vacibliyini qeyd edib.
“Rusiya tərəfi vətəndaş cəmiyyəti, parlamentarilər və ekspert dairələrinin xətti ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş qarşılıqlı fəaliyyəti dəstəkləməkdə davam edəcək”, - deyə məlumatda bildirilib.*
N.Abbasova