Fevralın 27-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Kreydenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, müxtəlif fəaliyyət sahələri üzrə münasibətlərin daha da genişləndirilməsi, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Söhbət zamanı iki ölkə arasında beynəlxalq hüququn prinsiplərinə, o cümlədən suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan münasibətlərin inkişafında mövcud siyasi dialoqun mühüm rol oynadığı vurğulanıb.
Nazir müavini Xələf Xələfov, həmçinin qarşı tərəfi regionda sülh gündəliyinin həyata keçirilməsi və Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə ətraflı məlumatlandırıb.
Vladimir Kreydenko Azərbaycan tərəfinin mövqeyinə və göstərdiyi humanitar yardımlara görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
N.Abbasova