Azərbaycan və Belarusun gömrük orqanları arasında 2023-2024-cü illər üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyi Belarus Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, sənədi fevralın 27-də Minskdə iki ölkənin gömrük xidmətlərinin rəhbərləri – Vladimir Orlovski və Şahin Bağırov imzalayıblar.
Gömrük orqanlarının qarşılıqlı fəaliyyəti keçid məntəqələrində nəzarət və gömrük rəsmiləşdirilməsi, malların elektron qaydada bəyan edilməsi, avtomatlaşdırılmış sistem və risklərin idarə edilməsi sistemindən istifadə, tranzit yüklərin yerdəyişməsi məsələləri ilə bağlı təcrübə mübadiləsini nəzərdə tutur.
Bundan başqa, gömrük orqanlarının əməkdaşları yoxlama-baxış komplekslərinin və rentgen qurğularının tətbiqi, biznes nümayəndələri ilə qarşılıqlı fəaliyyət sahəsində təcrübə mübadiləsinin aparılması ilə bağlı razılığa gəliblər.*
R.Əhmədov