İrəvanla Bakı arasında imzalanacaq sülh sazişinin bir sıra bəndləri üzrə konsensus əldə olunub. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Ermənistanla Azərbaycan arasında sülh sazişinin bəndləri üzrə konsensus var. Bu, beynəlxalq səviyyədə tanınmış prinsiplər, ümumi müddəalardır. Detalları açıqlaya bilmərəm, çünki bu, ümumi prosesə mane ola bilər. Lakin qırmızı cizgilər var və biz Ermənistanın dövlətçiliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yarada biləcək “mina”ları sazişə daxil edə bilmərik”, - deyə spiker bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Rusiya sazişlə bağlı müzakirələrdə rola malikdir.
Moskvanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində digər dövlətlərin səylərini alqışlaması ilə bağlı Rusiya tərəfinin bəyanatını şərh edən Simonyan deyib: “Bu problemi Rusiya həll etməli idi. Onlar bizim təhlükəsizliyimizin, ərazi bütövlüyümüzün təmin olunmasının qarantı idilər. Burada Rusiyanın hərbi bazası var. Və bizim ikitərəfli sazişlərimiz də məhz bu vəziyyətə yönəlmişdi. Bəs siz haradasınız, niyə daha fəal iştirak etmədiniz? Əgər bacarmırsınızsa, bunu açıq şəkildə söyləmək, birlikdə müzakirə etmək və vəziyyətdən çıxış yolu tapmaq lazımdır”.
O, həmçinin bildirib ki, Ermənistanla Azərbaycan arasında saziş yalnız iki ölkəyə aid olacaq.
Simonyan əlavə edib ki, sülh sazişində Qarabağ məsələsi heç bir şəkildə əks olunmamalıdır.*