Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etməyə hazır olduğunu təsdiqləyir, bu prosesə üçüncü tərəflərin cəlb edilməsinin əleyhinə deyil, lakin bölgədə geosiyasi oyunlara qarşıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Rusiya dinc, sabit və firavan Cənubi Qafqazda maraqlıdır, məhz buna görə də bizə qardaş olan iki xalqın - Azərbaycan və Ermənistan xalqlarının barışması üçün fəal şəkildə işləyirik”, - deyə o, bu gün Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclasında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Rusiya Bakı ilə İrəvan arasında normallaşmanın bütün istiqamətləri üzrə köməklik göstərməyə hazırdır. “Digər tərəflərin bütün bu məsələlərin həll edilməsinə, ilk növbədə, sülh müqaviləsi üzrə razılığın əldə olunmasına kömək etməsinə qarşı deyilik. Lakin bu, möhkəm sülhün bərqərar olması marağı əsas götürülməklə səmimi şəkildə həyata keçirilməlidir”, - deyə Lavrov vurğulayıb.
O qeyd edib ki, bəzən elə təəssürat yaranır ki, öz xidmətlərini təklif edən bəzi xarici, qeyri-regional oyunçular bu məqsədləri rəhbər tutmur, vəziyyəti növbəti geosiyasi oyunlar üçün bəhanə hesab edirlər.
“Əminik ki, tərəfdaşlarımız, o cümlədən Azərbaycandakı tərəfdaşlarımız müstəqil qərar qəbul edəcək, vəziyyətə yanaşmalarına uyğun olaraq seçim edəcəklər. Əminəm ki, onlar münasibətlərin, bölgədə vəziyyətin normallaşdırılması üzrə bütün səylərin siyasiləşdirilməsi və ideologiyalaşdırılması cəhdləri nəticəsində bəzən burada yaranan riskləri çox yaxşı başa düşürlər”, - deyə rusiyalı nazir vurğulayıb.*