İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPOMO) qeyri-neft məhsullarının ixracatçılarına logistika subsidiyalarının ödənilməsi mexanizmi hazırlayır. Bunu AZPOMO-nun icraçı direktoru Yusif Abdullayev deyib.
“Biz ixracatçılara logistika subsidiyalarının ödənilməsi mexanizmi hazırlayırıq və martda təkliflərimizi hökumətə təqdim edəcəyik. Ümid edirik ki, mexanizm cari ilin birinci yarısında qəbul olunacaq”, - deyə o, bu gün keçirilən mətbuat konfransında bildirib.
Abdullayevin sözlərinə görə, subsidiyaların 5 il müddətinə veriləcəyi və ixracatçıların logistika xərclərinin təxminən 50-60%-ni qarşılayacağı gözlənilir.
“İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən şirkətlər üçün subsidiyalar 100%-ə çata, onların verilmə müddəti isə 10 il ola bilər”, - deyə icraçı direktor “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib.
O vurğulayıb ki, logistika subsidiyalarının verilməsində əsas məqsəd ixrac istiqamətlərinin şaxələndirilməsidir. “Ənənəvi istiqamətlərə məhsul göndərən ixracatçılara subsidiyalar verilməyəcək. Maraqlı istiqamətlərə gəlincə, bunlar Körfəz və Avropa ölkələrinin bazarlarıdır”, - deyə Abdullayev bildirib.
O, həmçinin qeyd edib ki, əgər ilin birinci yarısında logistika subsidiyalarının verilməsi ilə bağlı qərar qəbul olunarsa, o zaman 2023-cü ilin sonuna qədər pilot layihələr həyata keçirilə bilər. Subsidiya mexanizminin artıq 2024-cü ildə tam şəkildə tətbiqi planlaşdırılır.*
B.Rüstəmbəyov