Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının tabeliyində təsərrüfathesablı Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxt ərazisində bir sıra obyektlərin təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün iki şirkət cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən xəbər verir ki, MMC ümumilikdə 506,395 min manat məbləğində iki müqavilə bağlayıb.
“Global Engineering Management Company” MMC ilə bağlanmış birinci müqavilə Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasını nəzərdə tutur. Müqavilənin dəyəri 249,797 min manatdır.
Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin layihə-smeta sənədlərinin hazırlanmasına dair ikinci müqavilə isə “TFM-Smart Project” MMC ilə bağlanıb. Müqavilənin dəyəri 256,599 min manatdır.*
X.Nəsirzadə