Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviç ilə görüşüb.
“Görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi münasibətlərin çox yaxşı səviyyədə olduğu qeyd edilib. Ancaq iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsinin, həmçinin biznes dairələri arasında birbaşa təmasların təşviqinin vacibliyi bildirilib”, - deyə dövlət başçısının saytında dərc olunmuş məlumatda qeyd olunub.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri COVID-19 dövründə və Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın onun ölkəsinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb, iqtisadiyyat, ticarət, investisiya, enerji və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edib.
Söhbət zamanı Bakı və Sarayevo şəhərlərinin hələ ötən əsrin 70-ci illərindən qardaşlaşmış şəhərlər olduğu xatırlanaraq, şəhərlərarası əlaqələrin inkişafının da önəmi vurğulanıb.
“Tsviyanoviç Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib. Azərbaycan Prezidenti dəvəti qəbul edib”, - deyə məlumatda bildirilib.*
N.Abbasova