Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının reallaşdırılmasında Azərbaycana dəstək verə bilər. Bu sözləri Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino martın 1-də Bakıda Prezident İlham Əliyevlə görüşdə deyib.
“Antonio Vitorino Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Beynəlxalq Miqrasiya Təşkilatı öz təcrübəsindən çıxış edərək bu prosesə dəstək verə bilər”, - deyə dövlət başçısının saytında dərc olunmuş məlumatda bildirilir.
Baş direktor, həmçinin deyib ki, bu təşkilat yarandığı gündən bəri dünyanın müxtəlif ölkələrində məcburi köçkünlərin və qaçqınların qayıtması üzrə çox geniş təcrübəyə malikdir və bu təcrübəni Azərbaycan tərəfi ilə bölüşməyə hazırdır.
Antonio Vitorino ölkəmizdə Beynəlxalq Miqrasiya Təşkilatının regional təlim mərkəzinin yaradılmasının vacibliyini qeyd edib, bu mərkəzin həm Azərbaycanda, həm də region ölkələrində imkanların artırılmasına və peşəkar kadrların hazırlanmasına töhfə verəcəyini deyib.
O, Azərbaycanın yeni donor ölkə kimi təşkilatın büdcəsinə verdiyi maliyyə töhfələrinin də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Görüşdə azərbaycanlı mütəxəssislərin Beynəlxalq Miqrasiya Təşkilatında və BMT-nin digər strukturlarında təmsilçiliyinin artırılmasının vacibliyi bildirilib.*
B.Rüstəmbəyov