İrəvan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın işinin reqlamenti layihəsini Bakıya təqdim edib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Biz reqlament layihəsini bu yaxınlarda Azərbaycana təqdim etmişik və cavab gözləyirik”, - deyə o, bu gün parlamentdə bildirib.
Paşinyan, həmçinin qeyd edib ki, Ermənistan fevralın 16-da təqdim edilmiş sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycandan hələ cavab almayıb.
“Hələ ki, cavab yoxdur, bu, müəyyən vaxt tələb edir. Sülh müqaviləsinin imzalanması üzrə işin 3 mərhələsi artıq geridə qalıb. Bu istiqamətdə işlər davam etdirilməlidir. Şəxsi görüşlərdən (Azərbaycan və Ermənistan nümayəndələrinin – İF) asılı olmayaraq, sənədlər üzərində işlər davam etdirilir və bu, həmişə üzbəüz görüşlər tələb etmir”, - deyə o əlavə edib.*